Azərbaycan Açıq Hökumət Tərəfdaşlığından tamamilə uzaqlaşdırılıb

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığından tamamilə uzaqlaşdırılıb. Bu xəbər niyə vacibdir?

Açıq Hökumət Tərəfdaşlığı nədir?

Açıq Hökumət Tərəfdaşlığı (AHT) məqsədi daha açıq, inklüziv və hesabatlı hökumətlər üçün çalışan 75 ölkənin və 104 bələdiyyənin iştirak etdiyi, minlərlə vətəndaş cəmiyyəti təşkilatı ilə əməkdaşlıq edən beynəlxalq təşkilatdır. Azərbaycan AHT-yə 2011-ci ildə qoşulub.

AHT və Azərbaycan arasında əlaqələr nədən ibarət idi?

2011-ci ildə üzv olunmasından sonra hökumət, sonuncusu, 2020-2022-ci illəri əhatə edən 3 Milli Fəaliyyət Planı ortaya qoyub. Ümumilikdə, bu əməkdaşlığın məqsədi Azərbaycanda daha açıq, inklüziv və hesabatlı hökumətin qurulması üçün töhfələrin verilməsi idi. İslahatların nəzərdə tutulduğu sahələr ictimai xidmətlər, açıq məlumatlar, iştirakçılıq, maliyyə şəffaflığı olmaqla geniş sahələri əhatə edirdi.

Problemlər hardan başladı?

2015-ci ildə vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanı vətəndaş cəmiyyəti mühitini məhdudlaşdırmaqda ittiham edərək AHT tərəfindən tədbirlərin görülməsi ilə bağlı açıq müraciət göndərdi. Bu müraciət həmin ərəfədə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinə birbaşa müdaxilələr və məhdudlaşdırıcı qanunların qəbul olunması ilə əlaqədar idi. Nəticədə, 2016-cı ildə Azərbaycanın üzvlüyü müvəqqəti olaraq dayandırılıb.

Bəs sonra nə baş verdi?

Üzvlüyün müvəqqəti dayandırılmasından sonra hökumət AHT-yə üzvlüyünün bərpa olunması barədə müraciətlər etsə də, AHT üzvlüyün bərpa olunması üçün, daha dəqiq, vətəndaş cəmiyyəti üçün mühitin bərpa edilməsi ilə bağlı addımları yetərli saymayıb. Bu qərarın verilməsində AHT bildirir ki, üzvlüyün müvəqqəti dayandırılmasından sonra hökumət qarşısında qoyulan 7 addımdan yalnız biri, o da natamam yerinə yetirilib.

AHT-nin səbr kasası niyə daşdı?

2023-cü ilin mayında AHT tərəfindən keçirilən müstəqil qiymətləndirilmənin nəticəsi hökumət üçün heç ürəkaçan olmayıb – hökumət AHT tərəfindən qoyulan tövsiyələri yerinə yetirməyə, yəni, vətəndaş cəmiyyəti üçün münbit mühiti bərpa etməyə müyəssər olmamışdır. Nəticədə, Azərbaycanın AHT-də statusunun tamamilə dayandırılması qərarı alınıb.

Bu nə deməkdir?

Platformanın qərarı Azərbaycanda vətəndaş cəmiyyəti üçün pisləşməkdə olan vəziyyət ilə üst-üstə düşür. Artikl 54 İctimai Birliyi 2023-cü il nəşr etdiyi “Azərbaycanda ictimai iştirakçılığın qiymətləndirmə sənədi”-ndə də bu məsələlərə toxunulur. Sənəddə hökumətin ictimai iştirakçılıq sahəsində, AHT qarşısında öhdəlikləri və sonuncu Milli Fəaliyyət Planının icrası təhlil edilib.

Qeud olunur ki, uzun müddət keçməsinə, üç Milli Fəaliyyət Planlarının qəbul edilməsinə baxmayaraq, açıq, inklüziv və hesabatlı hökumətin qurulması üçün sistematik addımlar atılmayıb; atılan addımlar da natamam və ya formal xarakterli olub.

Qiymətlədirmə sənədi ilə burada tanış ola bilərsiniz.

Sonda Artikl 54 İctimai Birliyi hökuməti bu addımdan nəticə çıxarmağa, yerli və beynəlxalq öhdəliklərini əsas götürərək sistematik islahatlar aparmağa çağırır. Yalnız bu formada daha effektiv və ədalətli qərarların verilməsini və qəbul edilməsini təmin etmək mümkündür.