Artikl 54 ictimai birliyi tərəfindən həyata keçirilən “İştirak et, ətrafı gözəlləşdir” ictimai vəkillik kampaniyası ekoloji məsələlərin həll edilməsində, qərarların qəbul edilməsində iştirakçılığın artırılmasını nəzərdə tutmuş layihədir. Layihənin əsas məqsədi ekoloji məsələlərlə bağlı vətəndaşların, maraqlı tərəf və qurumların iştirakçılığını artırmaq olmuşdur. Bu fəaliyyət planı 5 rayon üzrə – Göyçay, Astara, İmişli, Kürdəmir və Şəki aparılmışdır. Hər regionun özünə məxsus ekoloji problemləri mövcuddur, lakin əsas problem kimi məişət tullantıları məsələsinə toxunulub. Bunun üçün biz Azərbaycanda mövcud olan ekoloji təşəbbüslərlə müzakirələr təşkil edib fəaliyyət planı tərtib etdik. Bu məsələyə yanaşmamız ictimai dinləmələrin keçirilməsi istiqamətində oldu və biz ictimai iştirakçılıq haqqında qanuna əsasən hər bir vətəndaş, vətəndaş cəmiyyəti inistutları, təşəbbüs qrupları, media agentliklərinin iştirakını nəzərdə tutan ictimai dinləmələr keçirdik. Əsasən Ekologiya və Təbii Sərvətlər nazirliyini, kommunal təsərrüfat birliklərini, icra hakiyyətlərini, bələdiyyələri prosesə cəlb etdik. Prosesin gedişatında Ekoloji qiymətləndirmə sənədi hazırlandı və bu sənəd Azərbaycanda ekoloji məslələrlə bağlı vətəndaş iştirakçılığının ümumi vəziyyətini, ölkənin bu sahədə beynəlxalq öhdəliklərini analiz edir. Dinləmələr keçirildikdən sonra yuxarıda sadalanan orqanlara tərəfimizdən rəy və təklif sənədləri göndərilmişdir və ictimai iştirakçılıq haqqında qanuna əsasən sənədlər göndərildikdən sonra müvafiq orqanlar tərəfindən vətəndaş iştirakçılığı haqqında qanuna əsasən ən gec 15 gün ərzində, əlavə öyrənilməyə ehtiyac varsa 30 gün ərzində cavab verməlidirlər və biz bu cavabları gözləyirik. 2022-ci ildə bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı dövlət proqramı qəbul edilmişdir və biz prosesin gedişatını öyrənmək üçün sorğular göndərmiş və məlumatlar əldə etməyə çalışmışıq. Nəticələrin ürəkaçan olmaması ekoloji məsələlərdə ictimai iştirakçılığın əhəmiyyətini bir daha sübut edir. Ekoloji məsələlərdə daha şəffaf və daha adekvat qərarların alınması üçün bu kimi tədbirlərin artırılmasını hədəfləyirik.