«Qadın təmsilçiliyində ayrı-seçkilik və bərabərsizlik» mövzusunda konfrans

Bakı/27.10.22/Turan: Azərbaycanda qadınlar əsasən təhsil və səhiyyə sahəsində çalışırlar. Bunu oktyabrın 26-da «Artikl 54» İctimai Birliyi «Qadın təmsilçiliyində ayrı-seçkilik və bərabərsizlik» mövzusunda ictimai müzakirə zamanı tədbirin təşkilatçıları bildirib.

Təşkilatın üzvləri bu sahədə vəziyyətin dəyərləndirilməsi üçün ölkənin 5 bölgəsindən olan 40 qadınla görüşləri, müxtəlif ekspertlərlə müzakirələr olub, dövlət orqanlarına sorğular göndərilib.

İctimai Birlikdən Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən qeyd edilib ki, 2020-2021-ci illərdə Azərbaycanda təhsil sektorunda çalışanların 83 faizi qadınlardır, ancaq bu üstünlük sıravi vəzifələrdədir. «Məktəb direktorların 64 faizi kişilər, 36 faiz isə qadınlardır. Ali təhsil müəssisələrində müəllimlərin 56 faiz qadınlar olsa da, rektorların 10 faizi qadın, 90 faiz isə kişilərdir, dekanların 26 faizi qadın, 74 faiz isə kişilərdir».

Tədbir təşkilatçılarının məlumatına görə, Azərbaycanda məşğul şəxslərin arasında 48 faiz qadınlar, 52 faiz isə kişilərdir, işsizlərin isə 57 faiz qadınlar, 43 faiz isə kişilərdir. «Məhkəmə sektorunda hakimlərin 83 faizi kişilər, 17 faiz isə qadınlardır. Son illərin məlumatlarına görə, dövlət idarəçiliyində demək olar ki, hamısı kişilərdir».

Təşkilatın rəhbəri Əbülfəz Qurbanlı bildirib ki, baxmayaraq ki, Azərbaycana qadın təmsilçiliyi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı çağırışlar var, vəziyyət dəyişmir. «Biz bunu iştirakçılıq prosesi hesab etmirik, bu daha çox dövlət qurumlarında, özəl sektorunda təmsilçilik məsələsidir. Bələdiyyə orqanlarında qadınların sayı və iştirakçılığı müəyyən qədər artsa da ordakı qadınların fuksionallığı yoxdur, onlar daha çox yardımçı vəzifələrində çalışırlar».

Təşkilatın üzvü Aygül Cəfərova bildirib ki, cari ilin iyul ayında Qlobal Gender İndeks hesabatı yayımlanıb və bu hesabat 4 parametri özündə ehtiva edir. «Bu qadınların təhsilə, səhiyyəyə, iqtisadi imkanlara əlçatanlığı və siyasi iştirakçılığı parametrlərdir. Azərbaycan 146 ölkədən 101-ci yerdədir».

Onun sözlərinə görə, bunu digər qurumlarda da görmək olar. «Bu da nəticə etibarilə qadınların iqtisadi asılılığa gətirib çıxarır».

İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, beynəlxalq təşkilatlar bildirir ki, qadınların iştirakçılığı ÜDM-in 1-2 faiz artmasına gətirib çıxarır. «Azərbaycanda bu sahədə ciddi problemlər var. Bütün sahələrdə qadınlar çoxdur, bir siyasət və iqtisadiyyatdan başqa. Bu isə ona gətirib çıxarır ki, qadınlar qeyri-leqal fəaliyyətə keçir. Fərdi sahibkarlıqla məşğul olan qadınların sayı 60 faizdir. Onların çoxusu məcburdur qeyri-leqal fəaliyyətlə məşğul olmağa. Çünki onların birbaşa iştirakçılığına əngəllər yaradılır. Bu da işsizliyin artmasına səbəb olur».

Ekspertin sözlərinə görə, Azərbaycanda qadınlar ailə başçısı sayılmır deyə bu stereotiplərə görə adətən az gəlirli işlərdə çalışır.

Tədbirin digər iştirakçıların fikrincə, ölkədə demək olar ki, bütün sahələrdə rəhbər vəzifələrdə kişilər təmsil olunur, qadınların çoxusuna isə ev təsərrüfatında rol ayrılıb. Onlar qeyd ediblər ki, qadınlara daha aş maaş verilir, bu da onların istismarına gətirib çıxarır. Tədbir iştirakçıları bu vəziyyətdən çıxış yollarını da müzakirə edib.