Artikl 54 yerli icmaların inkişafı ilə bağlı layihəyə başlayıb

Artikl 54 İctimai Birliyi yerli idarəçilikdə icmaların iştirakının gücləndirilməsi ilə bağlı layihə həyata keçirməyə başlayıb.

Layihənin məqsədi yerli icma təşkilatlarının gücləndirilməsi və yerli səviyyədə qərar qəbul etmə prosesində vətəndaşların rolunun artırılmasıdır.

Təşkilat layihə çərçivəsində Gəncə Regional İcma Mərkəzi, Göyçay İcma İnkişaf Mərkəzi, Şəki İcma İnkişaf Mərkəzi, Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi və Kürdəmir Muğan İcma Mərkəzi yerli icma təşkilatları ilə əməkdaşlıq edir.

Adları çəkilən icma təşkilatlarının hər biri yerli səviyyədə vətəndaşları narahat edən problemlərlə bağlı ictimai vəkillik kampaniyası həyata keçirir. Misal üçün, bura Gəncədə küçələrin işıqlandırılması, Şəki şəhərində Qurcana çayının istinad divarların bərpa olunması, Şəmkir rayonun Çinarlı qəsəbəsində avtodayanacaqların tikilməsi, Göyçay şəhərinin məişət tullantılarının təmizlənməsi və qablaşdırılması, Kürdəmirin Çöl Qubalı kəndində məktəb və körpünün tikilməsi daxildir.