Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası

Maddə 15. Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası

Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə və ictimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin və ictimai müzakirənin təşkili üçün Milli Məclisin Aparatı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görür. İctimai dinləməyə və ictimai müzakirəyə dəvət edilən şəxslər ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.
Milli Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin ictimai dinləməsinin və ya ictimai müzakirəsinin keçirilməsi haqqında qərar qəbul edə bilər.